Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycan ərazisinə qanunsuz səfəri ölkədə ictimai-siyasi qınaqla qaşılanıb.
Xəbər verildiyi kimi, Xarici İşlər Nazirliyi Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərini pisləyib və Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısına salınıb. Eləcə də Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək. Beləliklə, Azərbaycan öz sərhədlərini icazəsiz, qanunsuz girişlər üçün qapalı saxlamağa çalışsa da, bu istiqamətdə rus sülhməramlılarına nota verilsə də, bu cür icazəsiz girişlər davam edir.
Bu məsələ necə həllini tapmalıdır? Azərbaycandan icazə alınmadan bu səfərlərin davam etməsi nə deməkdir?
Milli Məclisin deputatı Elman Məmmədov hafta.az-a açıqlamasında bildirib ki, məsələnin həlli Laçın dəhlizinin Azərbaycan sərhədçilərinin nəzarəti altına keçilməsi ilə həllini tapa bilər.
Deputat bəyan edib ki, hər bir dövlət özünün sərhədlərinin hər bir qarışını özü qorumalıdır və bu, müstəqil dövlətin qanuni səlahiyyəti, hüququdur. E.Məmmədov Laçın dəhlizi və sülhməramlıların daxil olduğu ərazilərdəki vəziyyətə iki aspektdən yanaşıb.
“10 noyabr 2020-ci ildə 3 dövlətin arasında imzalanan sənədə əsasən sülhməramlı missiyası Rusiya dövlətinə həvalə olunub. Bu ondan ötrü edilib ki, sülhməramlılar kontingenti Laçın dəhlizində gediş-gəlişin təhlükəsizliyini təmin etsinlər. Bu o demək deyil ki, Laçın dəhlizinin Azərbaycan-Ermənistan sərhəddinə sülhməramlılar nəzarət etməlidir. Dövlət sərhəddinə nəzarət eləmək sülhməramlıların səlahiyyətinə aid deyil. Azərbaycan dövləti Ermənistan -Azərbaycan sərhəddinin Laçın dəhlizinə ail olan hissəsində də özünün səhrəd buraxıış məntəqəsi, gömrük məntəqəsi olmalıdır. Nə qədər ki, Laçın dəhlizi deyilən sahədə sərhəddə Azərbaycan sərhədçiləri nəzarət eləmirlər, Qarabağa Azərbaycanın xəbəri, icazəsi olmadan Fransız da gəlib gedəcək, başqaları da”.
E.Məmmədov bildirib ki, Azərbaycan polisi Görus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində post qoyana qədər orada özbaşınalıq hökm sürüb. İndi isə ordan kim gəlib, kim gedirsə bizim nəzarətimizdədir.
“İndi deyək ki, biz oradan keçən İran maşınlarından ikisini saxladıq. Onların haqqında tədbirlər görülür. Ancaq qalan digər maşınlar ordan Ermənistan ərazisinə gəlib Laçın dəhlizi vasitəsi ilə yenidən Azərbaycan ərazisinə keçmək imkanına malikdir. Buna görə fransızın da, iranlının da Azərbaycan ərazisinə icazəli şəkildə gəlib-getməsi üçün Laçın dəhlizində, Azərbaycan-Ermənistan sərhəddində mütləq Azərbaycan əsgəri dayanmalıdır”.
E.Məmmədov hesab edir ki, Azərbaycanın icazəsi olmadan fransız və digərlərinin Azərbaycan ərazisinə səfərlər etməsi bir başa Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, qanunlarımızın pozulmasıdır.
“Onlar sərhəddi pozub, icazəsiz bizim ərazilərə gəlirlərsə bu sərhəd pozuculuğudur, cinayətdir.
“İndi Azərbaycan onları arzuolunmaz şəxslər siyahısına salıb, ölkəyə girişini qadağan edib. Bu 30 il ərzində elə yüzlərlə cinayətkarları arzuolunmaz şəxslər siyahısına salmışıq. O da deyir ki, heç gəlmirəm, nə dəyişir ki. Onsuz da onlar Xənkəndiyə Laçın dəhlizindən sərbəst şəkildə gəlib-gedirlər, heç kim də demir ki, niyə gəlmisən. Buna görə də biz mütləq özümüzün sərhəd-buraxılış məntəqəmizi qurmalıyıq. Rus buna razı olsa da, olmasa da”.